expr:class='"loading" + data:blog.mobileClass'>

13 Ocak 2013 Pazar

Dünyada Hərbi Xidmət


Son dönəmlərdə, tez-tez könüllü, profesiyonal ordu qurucuıluğu haqqında müzakirələr artır. Əsasən də Gürcüstan-Saaakaşvili rejimi və ordusu nümunə gətirilir bəlli insanlar tərəfindən.

Gürcüstanın 2008 Avqust Müharibəsi təcrübəsini, Gürcüstanda təhsil almış hüquqşunas H.İsayevlə danışmışdıq. Öz müşahidələri və şahid olduğu söhbətlərdən bu nəticəyə gəlmişdik ki, ildə bir neçə həftəlik təlim görərək ehtiyata buraxılan əsgərlər, müharibə zamanı silah altına alınmış, və böyük fiasko yaşanmışdır. At, arvad, silah üçlüsünün əmanət verilməyəcək qədər əhəmiyyətli olduğunu vurğulayan atasözümüz fonunda, həqiqətən də əsgər silahıyla bütünləşməmiş əsgər də sayılmaz heç..

Bu yazının əsas mövzusu isə digər ölkələrdəki səfərbərlik qaydaları haqqındadır.


İlk dəfə Qədim Misirdə ortaya çıxdığı güman edilən məcburi hərbi xidmət, 1918-ci il hadisələriylə qismən də olsa müassir Azərbaycan tarixində də görülür. Lakin həmin dövrün qarışıq olduğunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə məcburi hərbi xidmətin Sovet höküməti sonrası ortaya çıxdığını deyə bilərəm. Bu gün də, bir çox keçmiş sovet ölkəsi kimi, Azərbaycan da hərbi xidmət məcburidir. Vicdan-i Rədd və ya Alternativ hərbi xidmət praktikada yoxdur.

Türkiyədə 20 yaşına çatan bütün kişilər, hərbi səfərbərlik idarələrində qeydiyyat keçərək uçota durur. Orta təhsillilər 15 ay, ali təhsillilər isə zabit kimi 12 ay, baş əsgər kimi isə 6 ay xidmət etməlidirlər. Türkiyədə 2009-cu ildə qəbul olunmuş qanuna əsasən, ailədən “terrorizmlə mücadilədə” şəhid olmuş əsgərin uşaqları və qardaşlarından heçbiri “könüllü olmasalar” hərbi xidmətə çağırılmırlar, hərbi xidmətdədirsə, tərxis olunur.

Almaniyada 1 iyul 2011 tarixinə qədər hərbi xidmət müddəti 6 ay olmaqla kişilərə məcburi olub. Qadınlar da könüllü olaraq orduya qatılıb sosial fəaliyyətlərdə iştirak edə bilərlər. Yeni planlamada, könüllü əsgərlərin sayı ildə 7-15 min olub, profesyonal hərçilərlə birlikdə ordu mənsbunu sayının isə 170min olacağı təxmin edilir.

İranda məcburi hərbi xidmət müddəti qoşun növünə və təhsilə görə 15-18 ay arasında dəyişir. Evin tək oğlu, xəstə ana-bacısına baxmalı olan evin tək oğlanları, əgər ailədə olan 3 oğul əsgərliyini çəkibsə, 4-cü oğlan, nəsə mühim kəşf vəya icad edənlərə hərbi xidmət məcburiyyəti yoxdur. Ali təhsillilər, 2 aylıq hərbi hazırlıqdan sonra, əgər dövlətin ehtiyacı varsa, sivil işlərdə məmur kimi işləyə bilərlər. 19 yaşına gəlmiş bütün kişilərə məcburidir.

Israildə, 18 yaşına gəlmiş bütün qadınlar 2 il, kişilər isə 3 il məcburi hərbi xidmətə cəlb olunurlar. Evli vəya hamilə qadınlar, o cümlədən İsrail vətəndaşı ərəblər hərbi xidmətdən azaddırlar.

2004-cü ildən bəri vicdan-i rədd qanunu qəbul olunan Rusiyada, ali təhsillilər 1 il, orta təhsillilər 2 il məcburi hərbi xidmətə cəlb olunurlar.

Ukraynada, məcburi hərbi xidmət dəniz qüvvətlərində 24 ay, digər qoşunlarda 18 aydır. Ali təhsillilərə bu müddət 12 aya qədər azaldılıb. 1996-cı ildən qəbul olunmuş qanuna əsasən alternativ hərbi xidmət 27 ay çəkir.

Ermənistanda isə məcburi hərbi xidmət 2 ildir. 19-27 yaşlı bütün kişilərə məcburidir.
                                                            
 Yunanıstanda əsgərlik məcburidir və müddəti 9 aydır. Əsgərin aylıq maaşı isə 9 avrodur. Profesional hərbçilərin (MAXE) maaşı isə 800 avrodan başlayır.

Avstriyada 18-35 yaş arasındakı kişilər hərbi xidmətə çağırılır. Xidmət etmək istəməyənlər 9 ay müddərində ictimai sahələrdə qulluq edirlər.

Braziliyada hərbi xidmət ortalama12 aydır. Quru qoşunlarda xidmət 24 ay, dəniz qüvvətlərində isə 38 aydır. Universitetdə oxuyan vəya daimi işi olanların xidmətə getməyində dövlət maraqlı deyil. Alternativ hərbi xidmət və vicdan-i rədd (Conscientious objector) haqqı tanınmaqdadır.

Norveçdə 19-44 yaş arasındakı kişilərə 12 ay müddətində hərbi xidmət məcburidir. 1922-ci ildən bəri vicdan-i rədd qanunu var.

Danimarka vicdan-i rədd haqqını tanıyan ilk Avropa ölkəsidir - 1917. Məcburi hərbi xidmət müddəti 4-12 ay arasında rütbəyə və qoşun növünə görə dəyişir. Ayrıca, 12 min peşəkar, 51 mini könüllülərdən təşkil olunmuş Milli Qvardiya mövcuddur.

Finlandiyada hərbi xidmət məcburi olub, qoşun növünə görə 6-8-12 ay olmaq üzrə müddəti dəyişir. 1931-ci ildən bəri vicdan-i rədd qanunu var və onlar üçün 1 illik alternativ xidmət tətbiq olunur.

 Estoniyada hərbi xidmət qoşun növünə görə 8-11 ay müddətlə məcburidir. Dövlətin profesiyonal ordu quruculuğu planı mövcud deyil. 1991-ci ildən bəri vicdan-i rədd mövud olub, onlar üçün 16 aylıq ictimai işlərə cəlb olunmaq hökmü mövcuddur.

Litvada məcburi hərbi xidmət ali təhsillilər üçün 6 ay, digərləri üçün 12 aydır. Alternativ hərbi xidmət 1992-ci ildən bəri qanuniləşib və müddəti 18 aydır.

Gürcüstanda 18-30 yaş arasındakı kişilərə hərbi xidmət məcburidir, müddəti 18 aydır. 1997-ci ildən bəri vicdan-i rədd qanunu mövcuddur. Belə seçim edənlərə 36 ay müddərində ictimai sahələrdə məcburi xidmət gördürülür.

Polşada məcburi hərbi xidmət ali təhsillilərə 3 ay, digərlərinə isə 10 aydır. 1988-ci ildən bəri vicdan-i rədd qanunu mövcuddur. Bu qanundan istifadə edib alternativ xidmət keçmək istəyənlər 18 aylıq xidmətə cəlb olunur. Ali təhsillilər üçün 6 aydır.

Panama 1992-ci ildə, ordusunu ləğv edərək Milli Polis Təşkilatı qurmuşdur.

Çində hərbi xidmət məcburidir. Lakin orduda kifayət qədər əsgər olduğu üçün çox vaxt hərbi xidmətdən möhlət verilir. Xidmət quru qoşunlarında 3 il, dəniz və hava qüvvələrində isə 4 ildir.

Cənubi Koreyada hərbi xidmət müddət 2-3 il arasında, xidmət növünə görə dəyişir. Vicdan-i rədd qanunu yoxdur. Şimali Koreyada isə qoşun növünə görə, quru qoşunlarında 5-8 il, dəniz qüvvətlərində 5-10 il, hava qüvvələrində isə 3-4 il arasında dəyişir. 40 yaşına qədər olan qadınlar da hər il hərbi tədris keçirlər.

ABŞ-da 1973-cü ilə məcburi hərbi xidmət olsa da, bu tarixdən sonra ləğv olunub. Ingiltərədə isə 1960-dan bəri könüllü ordu quruculuğuna keçilib.

Yaponiya 2-cü Dünya Müharibəsindəki məğlubiyyətindən sadəcə könüllülərdən ibarət Özünü-Müdafiə Qoşunları saxlamaqdadır. Orduya/Müdafiyə Sənayesinə ən çox büdcə ayıran dünyanın 7-ci ölkəsidir. (2009: ABŞ, Çin, Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Yaponiya, S.Ərəbistanı, İtaliya, Hindistan, C.Koreya). Yaponiya konstitusiyasına əsasən nüvə silahı istehsalı və istifadəsi qadağan olunub. 2-ci Dünya Müharibəsindən sonra Yaponiya ilk dəfə İraqa əsgər göndərmişdir.

*Yazının sadəcə bir qismi sonda bağlantı verilmək şərti ilə istənilən növ yayım vasitəsində yerəlşdirilə bilər. Yazının tamamını köçürüb yapışdırmaq tərəfimdən qabul olunmur.