expr:class='"loading" + data:blog.mobileClass'>

11 Ocak 2013 Cuma

Talpanın sevimlisi – Üçüncü Tərəf

Bilmirəm, bu durumun elmi adı nədir. Amma vəziyyəti belə izah edim:

Təsəvvür elə ki, bir dənə talpanı sıxışdırırsan. Keyidir...sən. Keyidənlərin özləri də insan olduqlarına görə istər istəməz səhvlərə yol verirlər. Səhvləri incidir talpanı. Talpa incik olur. Talpa incidiyini deyir. İncidənlər səhvlərini boynuna götürmür. İki tərəf arasında prav-neprav söhbətini çözmək olmur.

Tam bu əsnada, üçüncü tərəf peyda olur. Üçüncü tərəf kimin prav kimin ne prav olmasını (lap soruşan olmasa da) deyəndə, prav elan edilən tərəfin sevimlisinə çevrilir. İncikliyin verdiyi əzikliklə, üçüncü tərəf ilahlaşdırılır. Üçüncü tərəfin elədiyi isə sadəcə talpanın eşitmək istədiyini deməkdən ibarətdir. Əgər neprav sayılıbsa, keyidənlər daha da aqressivləşərlər. İş inada minər…

Əgər keyidənlərin adı dövlət məmurlarıdırsa, talpanın da adı sorğulayan/narazı  xalqdır. Sorğulamayanların Allah canını sağ eləsin! Həqqi sözümdür!

Üçüncü tərəfə misal kimi müxalifət, azadlıq radiosu vs. demək olar. Bunlar əsasən talpanın bildiyi şeyləri deyir elə. Məsələn talpa bilir ki, filan yerdə korrupsiya var, azadlıq radiosu götürüb yazır ki, orda bu var. Pirverdi tilvizirdə çıxıb demək istiyir ki, universitetdə müəllim məndən pul tələb edir, amma AZTV-də deyəmmir. Əvəzində, fərqtv-də deyə bilir bunu. Deyə bilir! Olay bundan ibarətdir! Yəni, öz bildiklərinin təkrarlanmasını istəməkdən ibarətdir! Digər bir deyişlə, talpa özünə tərəf olanları sevir sadəcə! Hamı kimi!

Üçüncü tərəfə başqa bir nümunə, Qənirə Paşayevadır məncə. Q.Paşayeva sadəcə camaatın eşitmək istədiyini deyən bir fiquradır. Məsələn, talpa ermənilərilə dalaşmaq istəyir, bunu onların yerinə vəkilləri edir, “Youtube”-da şou yaranır. Talpa istəyir ki, Q.Paşayeva AŞPA-da “ermənilərin vəhşi olduğunu” desin, o da deyir. Ona görə də sevilir. Halbuki, ortada NƏTİCƏ OLMUR! Yəni, Q.Paşayevanın o çıxışları heç bir de-jure nəticəyə gətirib çıxartmır! Çünki, Paşayevanın üslubu ortalama azərbaycanlının üslubundan fərqlənmir. Yəni talpanın içindən biri kimidir –xalqdandır!

Amma həmişə üçüncü tərəflərin öz tərəfləri (çizgiləri) olur.

Məsələn, Q.Paşayeva əsgərlərlə birlikdə şəkillərini “Facebook”-a yükləyir, amma yüksək səviyyədə sorğulamır ki, niyə gənclərə nümunə-millətvəkili Ceyhun Osmanlı (29 yaş) hərbi xidmətdə olmayıb? Aranızdan, biri çıxıb deyə bilər, “nə düşmüsən xanımın üstünə?! kişisən özün soruş!” O zehniyyət turşusuna təmkinlə bunu deyim; Millətvəkilinin erkəyi dişisi olmaz! Çünki, millətvəkilini sadəcə arvadlar seçməyib, de jure ona kişilər də səs verib.

Bunun bənzərini bir ara İqbal Ağazadə edirdi, eşitmək istənilən şeyləri deyirdi, sözlə. Hərəkət isə olmur!

Bu kimi üçüncü tərəflərin alternativləri isə həmişə olur. Hətta sabah mən sizin eşitmək istədiklərinizi deyə bilərəm. Sizin qəhrəmanınıza çevrilərəm! Sizi dəyişdirəsi heçnə etmərəm, sizin kim olduğunuzu deməklə bu mümkündür.

İndi söhbətdi də eliyirəm..

Sentyabr, 2011