expr:class='"loading" + data:blog.mobileClass'>

1 Ağustos 2013 Perşembe

Kimə Xidmət edirik?



Aylar əvvəl ermənilər tərəfindən internetə yüklənmiş, videoların bloqum tərəfindən tərcümə edilərək yayımlanması, və Azərbaycan KİV-lərinin bu videoları 2 ay sonra kəşf edib gündəmə gətirməsi, düşüncə qıtlığı yaşayan insanları təbii ki qıcıqlandıracaqdı. Çünki daxil olan məlumatlar, beyinlərində düzgün analiz edilmədiyindən, anormal təsir verməliydi.

Ümumiyyətlə, Azərbaycanda əzbər pozan, sürüdən ayrılan fərdi hərəkət qabiliyyətinə malik bütün insanlar, həmin bu zehniyyət qarşısında “düşmən dəyirmanına su tökən”dir.

Azərbaycan cəmiyyətinin erməniləri əsrlərdən bəri görməzdən gəldiyi, saymadığına (ignore), onlardan həqiqi mənada bixəbər olduğuna görə, cəmiyyət olaraq, onlarla mücadilədə çətinlik çəkdiyimiz qənaətinə tələbəlik illərindən gəlmişdim.

Beləcə, düşməni tanımağın yolu onların dilini bilməkdən keçir deyə düşünürəm. Bu fikirlərimi müxtəlif forumlarda insanlarla bölüşdükcə, nə qədər haqlı olduğumu anlayırdım. Elə həmin illərdə , Bakı Dövlət Universitetində erməni dilinin akademik səviyyədə tədris olunduğu bir bölüm təsis edilmişdi. Artıq, Azərbaycanda da bu istiqamətdə real-profesional addımlar atılırdı. 

Lakin, Azərbaycanda olan təhsilin-pedaqojik metodların keyfiyyəti, o cümlədən toplumumuzda oturmuş “erməni stereotipi”nin yaratdığı fəsadlar (məs: erməni dili öyrənmək ermənilikdir, bu dili öyrənən ya ermənidir, ya qarışığı var, ermənilərə işləyir vs.) istər istəməz tələbələri çəkindirir, tərəddüddə qoyur, inkişafına mane olur. Digər tərəfdən erməni dili bilən insanın sanki avtomatik olaraq MTN işçisi, çətin əməliyyatlarda aktiv fəaliyyətlə məşğul olan kəşfiyyatçı olacaqmış kimi maraqlı fantaziyalar da, bəzi iradəsi zəif insanları yön dəyişdirməyə sövq edir. Halbuki, bu çox şərəfli işdir.

Gələk söhbətimin mustafasına..

Ömürləri boyu dar çevrələrindən qopa bilməmiş, uşaqlıqdan qalma qorxu və paronayak hisslərin təsirindəki insanlar, bu gün həmin videoları görüb, yumuşaq dillə desək, özlərindən çıxır, havalanırlar: “Neo Dədə Qorqud kimə işləyir?”

Məsələ aydındır, çünki videoların dili ermənicədir, tərcümə edən erməni dilini bilir, deməli...ahaaa..yuxarıda izah etdiyim “erməni
stereotipi” yenə özünü göstərir..

“Karabakhinfo.com” saytındakı imzasız dərc olunmuş axmaq yazıya/suala sadəcə bir cümlə ilə cavab verməyi uyğun gördük: Gedin ermənini, onlarla sıx əməkdaşlıq edəni, satqını öz qohumlarınız arasında axtarın!

Bəs daha nə etməli? – Heçnə. Şüur olaraq natamam insanlarla vaxt itirməməliyik. Çünki, ermənilər indiyəcən, Azərbaycan dilinin tədrisi üçün akademik səviyyədə onlarla çalışmalar ərsəyə gətirmiş, qarşlığında isə, bircə dənə də olsa, bəli bircə dənə də olsa cavab almamışlar.

Təbii ki, Neo Dədə Qorqud bloqu bu boşluğu aradan qaldırmaq niyyətindədir. Belə ki, uzun illər aldığımız təhsil və araştırmalarımız sayəsində aldığımız biliyimizin nəticəsini ortaya qoymalıyıq. (Bizə məlum olduğu qədəri ilə) İlk dəfə, Azərbaycanda erməni dilini öyrənilməsi üçün “Başlanğıc Səviyyədə Erməni Dili” kitabı hazırlanmaqdadır və 2013-cü ilin payızına qədər nəşr olunacaq. 
 
 Kitabı hazırlamağımızdakı məqsəd, BDU başda olmaq üzrə, erməni dilinin tədrisi ilə məşğul olan digər təhsil müəssisələrinin müdavimləri, peşəsindən asılı olamayaraq bu dilin öyrənilməsində maraqlı olan azərbaycanlılara belə bir qaynaqla təmin etməkdən ibarətdir.

Ümid edirik ki, bu cür akademik çalışmalar, nəticə etibariylə həm müharibədə, həm sülhdə, Azərbaycan dövləti və vətəndaşlarının mənfəətinə yararlı olacaqdır. Əminliklə deyə bilərik ki, mövzuda bizim nə qədər haqlı olduğumuzu
qəbul edən ağıl sahibi, mövzunun əhəmiyyətini dərk edən insanlar, millət vəkilləri, ictimai xadimlər var. Azacıq googla.az-da araşdırma eləsələniz, siz də şahidi olacaqsınız. Dövlətimizin mütəxəssislərə ehtiyacı var.