expr:class='"loading" + data:blog.mobileClass'>

27 Aralık 2010 Pazartesi

Seçkilər: Zəiflərin Güclü Seçimi.


 Neçə gündür,  düşüncələrimin sadəcə başlıqlarını  yazıram bilgisayarımda. Tamamlamağa çalışıram. Bir müddətdən bəridir masaüstündə saxladığım mövzulardan biri də bu idi – Seçki Sisteminin boş, lüzumsuz və hətta məntiqsiz olduğu.

 Siz səs verəndə necə və kimə verirsiz? O dəyqə böyük fikirləşib, olayı parlamentar səviyyədə ələ almayın. Altdan gedək hələ ki. Dayaan! Lap elə parlamentar səviyyəyə çıxardaq.
Maksimal şəffaf və ədalətli olacağına inandığınız (tutaq ki lap elədir) bir seçki şəraitində kimə səs verərdiniz? Kimə, sizi təmsil yetkisi verərdiniz?

 Mövzunu masaüstündə saxladığım müddət ərzində, yanımda-yörəmdə nəfəs alan və düşünən dostdan, tanışdan, yoldan ötəndən soruşub, test elədim. Hamı, ən yaxşı, ən ağıllı, ən bacarıqlı, ən inandıqları vs ənli özəllikləri özündə toplamış/topladıqlarına inandıqları şəxsə səs verib, onu dəstəkləyəciyini bildirirlər. Daha da dəqiqləşdirmək üçün soruşdum ki, səs verəcəyiniz insanın özünüzdən daha yaxşı, daha, ağıllı, daha bacarıqlı, daha inamlı-güvənli olduğuna inanırsız? Cavab, elə bu səbəbdən onu dəstəyə layiq gördükləri şəklindədir.
Yəni ki, nisbətən zəif olan qrup, özlərinə nisbətən güclü (saydıqları) olan fərdi seçirlər. Zəiflər güclünü seçirlər.  Güclü - zəiflərin seçdiyidir. Zəiflərin güclü saydığı (zənn elədiyi) fərdin yönətdiyi toplum güclü ola bilərmi sizcə?

 Məncə bu üsulla yönətilən toplumlar güclü ola bilməzlər. Əgər bu gün güclü olanı varsa, həmin toplumun özəyi güclüdür,  yəni ki, nisbətdə bizim toplumdan güclüdür. Belə güclü toplum, bu cür səhv sistemlə idarə edilirsə, uzun vədədə mütləq zəifləyəcəkdir.  Bu cür ölkələrdən mən, Finlandiyanı nümunə gətirərdim. Amma diqqət etsəniz, Finlandiyakimigil ölkələr dünyanın əyrisinə doğrusuna çomaq soxmaq üçün yox, öz fırəvan-sakit həyatları üçün varlar.

 Deyə bilərsiniz ki, bəs ABŞ-da, və ya  BB, Yaponiya, Rusiya vs. Siz həqiqətən inanırsınız ki, bu ölkələrdə xalq seçir idarəçiləri, son sözü deyənləri?!

 Məncə, həqiqi mənada, xalqına can yandıran insanlar seçimlə iş başına keçmirlər. Onlar öz hökmləriylə yönətimi ələ alırlar/keçirdirlər. Ən sadədən, gəlin partiyalara baxaq; hansı partiyanı quran “ilk sədr” seçimlə partiya başqanlığına gətirilib? Hansı ictimai-siyasi hərəkatın lideri, o hərəkatın üzvləri tərəfindən seçilib?! Hansı dövlətin qurucusu, dövləti qurarkən xalqdan icazə alıb?! Mən, buna görə də, dəyqədəbir dədəsinin arxa bağçasıymış kimi, Azərbaycandakı seçkilərin “şəffaflığı”ndan danışan qərblilərə şaffaf gözlə baxmıram. Başda dediyim kimi, mən razı deyiləm ki, zəiflər yığışıb, güclünü seçsinlər.